"Qarabağ" Şamaxıda
Komandamızın 2010-2012-ci il təvəllüdlü oğlanlardan ibarət komandası sabah Şamaxıya yola düşəcək. Şamaxı Olimpiya Mərkəzində məskunlaşacaq reqbiçilərimiz şənbə və bazar günlərini həmin idman kompleksində intensiv məşqlər keçirməklə yanaşı yerli reqbi komandası ilə iki test-oyun keçirməyi planlaşdırır. Komandamızın baş məşqçisi İlqar Qubadov həftəsonu Şamaxı səfərinin məqsədindən danışdı:
- İlk növbədə Şamaxı Olimpiya Mərkəzinin rəhbəri Səbuhi Qarayevə komandamızın adından bizim üçün yaratdığı şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Yay aylarında isti hava şəraitində məşq etmək çətindir, ölkəmizin ən gözəl güşələrindən biri olan Şamaxıda məşq etmək çox xoşdur. Qarşıda bizi Gürcüstan səfəri gözləyir və biz bu səfərdən öncə bir mikrosikl üzrə hazırlığımızı davam etdiririk və həmin hazırlığın sonunda Şamaxı OM-in komandası ilə test-oyunlar lap yerinə düşdü. Sabah və birisi gün komandamız əsasən topla çalışmalar üzərində işləyəcək. Daha bir məqam ondan ibarətdir ki Şamaxıda reqbi komandaları yaradılmaqla bir çox istedadlı, bu idman növü üçün yararlı yeniyetmələr kəşf olunub. Test-oyunlarda biz bu yeniyetmələrə bir daha nəzər yetirib onlardan bir neçəsini komandamızın tərkibində Gürcüstan səfərinə aparmağı planlaşdırırıq. Bu haqda Şamaxı reqbi komandasının məşqçi heyəti və rəhbərliyinin razılığını əldə etmişik. Bununla da biz Şamaxı komandasının rəhbərliyi ilə birgə reqbidə ilk addımlar atan yerli yeniyetmə idmançıların beynəlxalq oyunlara çıxışını, orada oyun təcrübəsi alması üçün şərait yaratmış olarıq. Bu həftəsonu çox maraqlı keçəcək.